İrəvanı niyə verdik? | TARİXİ SƏNƏD

   İrəvanı niyə verdik?    | TARİXİ SƏNƏD
  29 May 2025    Oxunub:565
Kamal Cəfərov
Millət vəkili

Sizə təqdim etdiyim arxiv sənədləri İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi ilə bağlı Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasına dair 3 nömrəli protokolu, həmçinin 1 iyun tarixində keçirilmiş iclasda İrəvandan olan deputatların bu qərara etirazları ilə bağlı tərtib olunmuş 4 nömrəli protokolu əhatə edir.
1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi barədə qərar qəbul etmişdir. İclasa Həsən bəy Ağayev sədrlik edib.


İclasın açılışında Fətəli Xan Xoyski Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi məqsədilə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Ermənistan Milli Şurası arasında aparılmış danışıqların nəticələri barədə məruzə ilə çıxış edib. Məruzəsinin sonunda bildirib ki, Ermənistan dövləti üçün siyasi mərkəzə ehtiyac var və İsgəndəriyyənin Türkiyə ərazisinə birləşdirilməsindən sonra bu mərkəz yalnız İrəvan ola bilər. Bu səbəbdən, İrəvan ermənilərə güzəştə gedilməlidir.

Məsələ səsverməyə çıxarılıb və arxiv protokoluna əsasən, Milli Şuranın 28 üzvündən 16-sı qərarın lehinə, 1-i əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb, qalan üzvlər isə səsvermədə iştirak etməyiblər.


Digər mühüm məqam ondan ibarətdir ki, həmin iclasa İrəvandan olan üzvlər dəvət olunmayıb, sonradan iştirak etsələr də, onlara çıxış etmək imkanı verilməyib, yazılı müraciətləri isə AXC katibliyi tərəfindən “itirilib”.

Hazırda Türkiyə Cümhuriyyəti Osmanlı Arxivində (BOA.HR.SYS, no. 2398/4, v. 12) saxlanılan sənədə əsasən, artıq 1918-ci il mayın 23-də M.Ə.Rəsulzadə və silahdaşları erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər Paşaya geniş məzmunlu müraciət ünvanlayıblar. Bu müraciətin əsas səbəbi Ənvər Paşa və Osmanlı hökumətinin başçısı Tələt Paşanın erməni dövlətinin qurulmasına qarşı sərgilədikləri mövqe olub.

M.Ə.Rəsulzadə və silahdaşları hesab edirdilər ki, əgər ermənilərin öz dövlətləri olmazsa, onlar müstəqil Azərbaycanın daxilində qırğınlar və terror aktları törədə bilərlər, bu isə etnik barışa ciddi maneə yaradar.
Eyni zamanda, gələcəkdə Azərbaycana axın edəcək erməni qaçqınlarının sayını nəzərə alaraq, siyasi idarəetmədə məcburi koalisiya hökuməti qurulması zərurəti ortaya çıxa bilərdi.


Bu ehtimalları nəzərə alaraq, onlar Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına dəstək veriblər. Onların qənaətinə görə, bu halda ermənilər öz milli məqsədlərinə çatacaq və Azərbaycana qarşı gələcəkdə ərazi iddiaları qaldırmaqdan imtina edəcəklər.

Təklifim ondan ibarətdir ki, Milli Məclisin AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən qərarı qəbul edilsin.


Kamal Cəfərov
Millət vəkili


Teqlər: Tarix   İrəvan  





Xəbər lenti